1 ... 6 7 8 9 10 11 12 13 ... 20

QOŞMALAR Nəsibim - BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)

səhifə10/20
tarix17.01.2017
ölçüsü2.34 Mb.

QOŞMALAR

Nəsibim


Nəsibim - əbədi həsrət, intizar,

Yad sordu halımı, dedim; - “Yaxşıyam”

Mən əkdim, becərdim, yadlar apardı,

Mən necə dolanam, necə yaşıyam?

Mənə qardaş deyən qənimim oldu;

Çörəyimi yeyən qənimim oldu,

Paltarımı geyən qənimim oldu,

Elə sanmayın ki, keyəm, naşıyam.

Torpağım alındı, yurdum talandı,

Tarixim, əlifbam oda qalandı,

Xalqım sürgün oldu – yurd paçalandı.

Nə qədər dərd çəkəm, möhnət daşıyam?

Mənə başçı oldu küt, bic, gic, oğru,

Yalançı hökm edir, asılır doğru.

Baş alıb gedirəm Xəzərə doğru,

Bir xalqın car olan qanlı yaşıyam.

A dostlar, Vətəni hörmətlə anın!

Binnəti Tovuzlu – Təbrizli sanın,

O taylı – bu taylı Azərbaycanın

Ikiyə bölünmüş vətəndaşıyam.

21.10.1991

Ay pəri, Sənsiz

Yenə bir sabahım sənsiz açıldı,

Doğmadı göyümün ülkəri sənsiz.

Ahım dağ başında dumana döndü,

Yas tutdu günümün səhəri sənsiz.

Alışdı ahımdan daş külə döndü,

Yenə asan işim müşkülə döndü.

Axdı gözlərimdən yaş selə döndü,

Talandı ömrümün şəhəri, sənsiz.

Həsrətin ox olub sinəmi dəldi,

Naləm bulud kimi göyə yüksəldi.

Həsrətindən canım cəzanə gəldi,

Az qalıb ki, olam sərsəri sənsiz.

Zalım fələk karvanımı əylədi,

Məni səndən, səni məndən elədi.

Başıma qor, gözümə kül ələdi,

Gördüm cəhənnəmi, məhşəri sənsiz.

Ağzımın ləzzəti- şərbətim, balım,

Bütün varım-yoxum, cahım-calalım.

Xəzinəm, dəfinəm, dövlətim, malım,

Hamısı yox oldu, ay pəri, sənsiz.

Üstümə od tökür hicranın əli,

Dərdindən olmuşam divanə-dəli.

Məni məftun edən, ay el gözəli,

Heç nədir Binnətin əsəri sənsiz.

07.07.1964

Bəsdir, bir az da


Bəsdir, nifrinlədik bəxti, həyatı,

Bəsdir, lənətlədik fələyi, vaxtı.

Bəsdir, ağı dedik, çəkdik bayatı,

Gəlin el qeyrəti çəkək bir az da.

Bəsdir, işə keçək söhbətdən- sözdən,

Bəsdir, ataq yükü öz çiynimizdən.

Bəsdir, gecə - gündüz yaş tökdük gözdən,

Gəlin düşmən gözü tökək bir az da.

Bəsdir, əlbir olaq, əl - ələ verək,

Bəsdir, nəyimiz var biz elə verək.

Bəsdir, ling götürək, külüng götürək,

Gəlin yağı evni sökək bir az da.

Bəsdir, yeri verdik yağıya – yada,

Bəsdir, İvan, Vartan yetdi murada.

Bəsdir, qaçqın, köçkün qaldı arada,

Gəlin onlara ev tikək bir az da.

Bəsdir, haray çəkdi, ün saldı Binnət,

Bəsdir, rüsvay olduq, götürdük minnət.

Bəsdir, ayağa qalx, a xalq, a millət,

Gəlin zalım qəddi bükək bir az da.

06-10-2000

Yalvarır


Əzizim, hər dəfə səni ananda,

Dil dodağa, dodaq dilə yalvarır.

Könlümdən keçəni sənə yazanda

Əl varağa, varaq ələ yalvarır.

Üzüm gülür gülər üznə baxanda,

Gözüm gülür xumar göznə baxanda.

Əllərim telinin söznə baxanda,

Tel barmağa, barmaq telə yalvarır.

Şad oluram sənlə deyib- güləndə,

Bir birimizin əhvalını biləndə.

Sənin görüşünə gedib- gələndə

Yol ayağa, ayaq yola yalvarır

Nə vaxt ki, ayağın çəmənə dəyir,

Sənə gül-çiçəklər təzim eləyir.

“Qoy ona payəndaz mən olum”- Deyir,

Gül zambağa, zambaq gülə yalvarır.

Bağa yayılanda ətrin, nəfəsin,

Binnətə ruh verir gülüşün,səsin,

Istəyirlər səni xoşhal eləsin,

Bülbül bağa, bağ bülbülə yalvarır..


01-09-1975

Dünyanın


Mərd yaşadım, əyilmədim şaha da,

Əydi qamətimi dərdi dünyanın.

Dərd çəkdikcə dərdim artdı daha da,

Hər dərdi xətrimə dəydi dünyanın.

Qəm közləri sinəm üstə düzüldü,

Göz yaşlarım yanağıma süzüldü.

Elim-eldən, əlim-əldən üzüldü,

Şeytanı araya girdi dünyanın.

Həyat məzluma yas, zalıma toydu,

Zalımı bəzədi, məzlumu soydu.

Həyatından bezdi, canından doydu,

Hər kim ki, zülmünü gördü dünyanın.

Şahların başından tacını aldı,

Taxtı tarac oldu, yurdu boş qaldı.

Qananlar zövq ilə bağça-bağ saldı,

Nadanlar gülünü dərdi dünyanın.

Ay Binnət, Adəmdən, Həvvadan bəri,

Həyat dərdə salıb düşünənləri.

İblis sümüyündən düzəlib zəri,

Mars edib çoxunu nərdi dünyanın.

11.08.1986


Bu qəmxanada


Düşmənlər talamış bir şəhər kimi,

Ömrümü dünyanın qəmi taladı.

Zamanın, zalımın sitəmkar əli

Sinəmə köz yığdı, ocaq qaladı.

Yanvarda üstümə od,alov yağdı,

Qanıma qarışıb göz yaşım axdı.

Qəlbim para-para, sinəm dağ-dağdı,

Qəm dərdli könlümdə tala-taladı.

Bir kəsim olmadı yetişə dada,

Qaldı Qarabağım yağıya-yada.

Fani dünya adlı bu qəmxanada

Mən hara qaçdımsa, qəm yaxaladı.

Həsrət də tuş oldu mənə, möhnət də,

Bir xoş gün görmədim şəhərdə, kənddə.

Başına döndüyüm bu məmləkətdə

Həyatım əzabdı, dərddi, bəladı.

Düşmənlər taladı obalarımı,

Sərvətimi, dövlətimi, varımı.

Al-əlvan çiçəkli çəmənzarımı

Yağı düşmən biçdi, yad tayaladı.

Günlərim, aylarım kədərlə ötdü,

Qəhər ciyərimdə vərəm böyütdü.

Əlimdən Xocalım,Laçınım getdi,

Dağılmış Şuşamda bayquş uladı.

Yay-bürkü yandırdı, qış-ayaz məni,

Nə payız şad etdi, nə də yaz məni.

Binnətəm, nadanlar anlamaz məni,

Qananlar şerimə deyər: - əladı.

21.05.1992

De


Çatdır harayımı,qasid qardaşım,

Halımı hal-əhli olanlara de.

Gözüm görə-görə el-eldən gedir.

Varsa, el qeydinə qalanlara de.

Ovu da vermişik biz ovlağıda,

Aranda Aranı, dağda dağı da,

İrəvan, Zəngəzur, Göyçə yağıda

Qarabağ tuş olub talanlara, de.

Qananın əlindən haşa çəkirlər,

Nadanı alimtək başa çəkirlər.

Torpaq beyinlərə yalan əkirlər,

Nə qədər inanaq yalanlara? - de.

Sular qana dönüb bulaqlarımda,

Yadlar at oynadır oylaqlarımda.

Bulaqlar başında, yaylaqlarımda

Bir vaxt kef - damağa dalanlara de.

Dörd ildir dağ çəkir xalqıma yağı,

Binnətəm, göynəyir sinəmin dağı.

Şuşada düşmənə satıb torpağı

Bakıda mülk, rütbə alanlara de.

12.10.1992

Eşitmədi səsimi


Dar ayaqda harayladım dağları,

Kahal dağlar eşitmədi səsimi.

Kar qayalar səs vermədi səsimə,

Key yaylaqlar eşitmədi səsimi.

Duman çökdü, çiskin tutdu yolları,

Çən bürüdü yamacları, yalları.

Yolmu kəsdi qaratikan kolları,

Şah qovaqlar eşitmədi səsimi.

Nəhs ayrılıq niyə düşdü payıma,

Öz qanımı tökdü öz Tərs çayıma.

Qızıl qaya səs vermədi hayıma,

Qayalıqlar eşitmədi səsimi.

Yada qaldı allı-güllü gədiklər,

Sərin mehli, dəli yelli gədiklər.

Səsə, ünə oyanmadı kəkliklər,

Çınqıllıqlar eşitmədi səsimi.

Çən-çiskini dağıtmadı küləklər,

Hürkə-hürkə baxıb getdi əliklər.

Gəlişimi hiss etmədi çiçəklər,

Quzqulaqlar eşitmədi səsimi.

Gəzəmmədim çəmənləri, çölləri

Dərəmmədim çiçəkləri, gülləri.

Görəmmədim yaşılbaşlı gölləri

Buz bulaqlar eşitmədi səsimi.

Haqqı dandı, yolu azdı azğınlar,

Cızdan çıxdı, səddi pozdu pozğunlar.

Harayımdan hürküsmədi quzğunlar,

Yapalaqlar eşitmədi səsimi.

Hamı yatıb, yuxu getmir gözümə,

Bir müsahib tapammıram özümə.

Nə başsızlar fikir verdi sözümə,

Nə alçaqlar eşitmədi səsimi.

Yollar yordum qəm şələsi belimdə,

Mən Binnətəm, gün görmədim elimdə.

Gorus, Göyçə, Gölkənd bitdi dilimdə

Kar qulaqlar eşitmədi səsimi.

28.05.1991


Unudulmuşam

(Bir qaçqının dilindən)
Bir az nabələdəm, bir az da naşı,

Dörd yol ayrıcında çaşıb qalmışam.

Gorusla, Göyçəylə, Göyçə gölüylə,

Göynəyə-göynəyə vidalaşmışam.

Səmumu torpağı gözə ələyən,

İstisi, bürküsü tüğyan eləyən,

Üstü cadar-cadar ilan mələyən

Susuz bir səhrada fikrə dalmışam.

Karıxıb çaşmışam cığırı, yolu,

Rahat yol gəzirəm başı alovlu.

Görünmür gözümə bir bəşər oğlu

Elə bil cahandan uzaqlaşmışam.

Bu yol ayrıcında yoxdur bələdçim,

Çörəksizəm, su da yoxdur bir içim.

Gün qızıb, bulud yox göydə bir əlçim,

Gümana sığınıb, daldalanmışam.

Yuntək daranmışam qəm darağında,

Canım cəza çəkir yurd fərağında.

Boynu bükük qalıb yol qırağında,

Qəmin girdabında lövbər salmışam.


Köçüm köçdən qalıb, özüm karvandan.

Vartanlar hürüyür mənə hər yandan.

Küsmüşəm həyatdan,bezmişəm candan,

Kədərlə,qəhərlə qucaqlaşmışam.

Yerimi yersizlər əlimdən alıb,

Yurdumdan, yuvamdan didərgin salıb.

Evim yağmalanıb, xaraba qalıb,

Yuvası dağılmış, perikmiş quşam.

Yayım alov olub, yandırır məni,

Qışım qırov olub, dondurur məni.

Dövran çilik-çilik sındırır məni,

Tikə-tikə, para-para olmuşam.

Ay Binnət, nə simsar, nə də tanış var,

Nə həmdəm, nə həmdərd, nə də sirdaş var.

Məndən uzaq düşüb dostlar, tanışlar,

Tamam yaddan çıxıb, unudulmuşam.

30.05.1992

Olsun


Sevinc tərk etməsin, a dostlar, bizi,

Bu toy məclisindən qəm uzaq olsun.

Saqı şəlləndirsin məclisimizi,

Masabəyi sağlıq desin, sağ olsun.

Üzü gülsün bu məclisə gələnin,

Qohum-qonşu, dost qədrini bilənin.

Ayağı altında qoç kəsilənin,

Ayağı sayalı, üzü ağ olsun.

Allah qəbul etsin xeyir-duamı,

Bar versin bəy ilə gəlinin kamı.

Çatsın arzusuna, a dostlar, hamı,

Evində toy-büsat, yığıncağı olsun.

Hamıya xoş gələn bir məclis quraq,

Gəlin xanəndəni, aşığı yoraq.

Bəyin sağlığına sübhədək vuraq,

Könüllər durulsun, keflər çağ olsun.

Əylənək, şənlənək, oynayaq, gülək,

Binnətəm, həmişə toylara gələk.

Hamının evində arzu eləyək

Bax, belə toy-düyün təmtərağı olsun.

12.03.1993

Çoxdan


Loğmanlar tapmadı dərdimə dəva,

Özüm axtarıram çarəmi çoxdan.

Göyçə həsrətindən çəkirəm cəfa,

Yoxdur sarıyanım yaramı çoxdan.

Köhlənim yorulub, yollarda qalıb,

Sevincim tükənib, qəmim çoxalıb.

Könlüm açılmayır. Duman, çən alıb

Dağımı, düzümü, dərəmi çoxdan.

Deyib-gülməyimi kəm eləyiblər,

Nəsibimi kədər-qəm eləyiblər,

Yığıb sinəm üstə cəm eləyiblər

Azarı, ağrını, vərəmi çoxdan.

Haqsızlıq odunda yanmaqdır peşəm,

Haqq-ədalət gəzib, anmaqdır peşəm,

Sevməkdə Məcnunu mat eləmişəm,

Yanmaqda keçmişəm Kərəmi çoxdan.

Əzabla, ağrıyla keçib həyatım,

Saralıb gülşənim, bağım-bağatım.

Gah ahım ün salıb, gah da bayatım,

Unutmuşam toyu, bayramı çoxdan.

Qəflətdəkiləri hay oyatmayır,

Ah-naləmdən yerlər, göylər yatmayır.

Ahım çatan yerə, əlim çatmayır,

Kəsib yollarımı haramı çoxdan.

Top oyatmaz bizi, elə yatmışıq,

Qeyrəti itirib, eli satmışıq.

Fələk də ayırmaz, elə qatmışıq

Elin halalına haramı çoxdan.

Saralıb solalı gülüm, gülzarım,

Artıb ağrılarım, dərdim, azarım.

Binnətəm, Muğana düşmür güzarım,

Sellər aparıbdır Saramı çoxdan.

20.04.1991


Az qalıb havalanam mən


Yoxdur hoya çatan dostum, sirdaşım,

Daşdan daşa dəyib bəlalı başım.

Axıb Araz oldu qanlı göz yaşım,

Şəhriyarsız qalmış Savalanam mən.

Sinəmdə Qarabağ boyda qəmim var.

Nə dada yetənim, nə həmdəmim var.

Soyulmuş karvanım, batmış gəmim var.

Hər gün təzə əzab, qəm alanam mən.

Dərdimin katibi özüməm-özüm.

Zalımın zülmünə nə qədər dözüm?

Gəlmir bədxahların xoşuna sözüm,

Qiyməti, qisməti kəm olanam mən.

Əl çəkmir yaxamdan təlaş, təhlükə,

Azalmır canımdan qorxu, səksəkə.

Ədalət axtarıb, qəm çəkə-çəkə,

Binnətəm, az qalıb havalanam mən.


20.03.1992


Mənim


Gülüm, gül üzünü qəmli görəndə,

Möhnət məskən salır üzümdə mənim.

Ala gözlərini nəmli görəndə,

Dünya heçə dönür gözümdə mənim.

Qəm çəksən,qəlbimi çəkərsən dara,

Dərd çəksən,yas tutub, geyərəm qara,

Sənsiz cığırlara,sənsiz yollara

Düşməsin kölgəm də, izim də mənim.

Binnətin olmasın bir anı sənsiz,

Həmişə “can”deyib, “can”eşidək biz.

Xətrinə dəyəndə, a xətri əziz,

Xəcalət çəkirəm özüm də mənim.

12.05.1976

Olsa


Məcnun mat qalardı, Dilbər, eşqimə,

Səndə Leyli kimi məhəbbət olsa.

Ölərdim, verməzdim səni heç kimə,

Andına, əhdinə sədaqət olsa.

Vəfalı olsaydın,olmazdı dərdim,

Eşqinlə hər qəmə üstün gələrdim.

Yolunda Fərhadtək dağlar dələrdim,

Daşı Bisütundan daha sərt olsa.

Məhəbbət salmayıb borana kimi?

Çölə də düşərdim divanə kimi.

Yanardım oduna pərvanə kimi,

Qəlbində zərrəcə məhəbbət olsa.

Gül olsan, cəfakeş bülbül olardım,

Əsli olsan, yanıb boz kül olardım.

Sən eşqə şah olsan,mən qul olardım.

Əmrində, hökmündə ədalət olsa.

Bir an sevinməzdim,səni anmasam,

Şahiddir dəftərim,qələmim,masam.

Məni sevdin asan,unutdun asan,

Mən səndən dönməzdim qiyamət olsa.

Gəlhagəlin idi, çox idi şansın,

Nəcə qıydın, Binnət od tutub yansın?

Qoy sonra peşiman olsun, utansın,

Hər kim əməlində xəcalət olsa.

08.07.1974

Məhəbbət


Kimə hicran verdi,kimə də vüsal,

Hərəyə bir gözlə baxdı məhəbbət.

Kimiyə şan-şöhrət, sevinc, cah-cəlal,

Kimiyə qəm,qüssə, ahdı məhəbbət.

Leyli,Şirin,nə də Əsli kam annnnldı,

Fərhadın cəfası şəfasız qaldı.

Qeysi Məcnun etdi, çöllərə saldı,

Kərəmi yandırdı-yaxdı məhəbbət.

Onun nə topu var, nə də tüfəngi,

Nə əmri,nə möhrü,nə də ki zəngi.

Toxudu başına şöhrət çələngi,

Kimin ki, qəlbinə şahdı məhəbbət.

Sultana,Sərdara,dilənçiyə də,

Hakimə,loğmana,pinəçiyə də,

Şairə,çobana,heç nəçiyə də.

Taledir,qismətdir,bəxdi məhəbbət.

Satılmaz şöhrətə,sərvətə,zərə.

İstəsə şahı da çəkər məhşərə.

Ən şirin neymətdir sevən kəslərə,

Hər şeydən ülvidir,pakdı məhəbbət.

Anlamaz sirrini hər yetən onun,

Saysız fəndləri var bu sirli oynun.

Rüşvətə susamaz,keçməz milyonun,

Ay Binnət, hökmündə haqdı məhəbbət.


14.07.1974

Küçəyə çıxıbsan


Küçəyə çıxıbsan, günəş gizlənib.

Həsəddən günəşin günü qaradır.

Qarşıma çıxıbsan yenə bəzənib,

Çaşmışam, bilmirəm hara haradır.

Günəş sənin kimi yandırıb yaxmır,

Gur saçını görüb şəlalə axmır.

Hüsnünü görəli pərdədən çıxmır,

Ay gözü kölgəli,üzü qaradır.

Bal susub ləbinin balını görüb,

Gül solub üzünün,alını görüb.


Çəmənə çıxanda xalını görüb,
Lalənin ciyəri para-paradır.

Fərə kəklik səndən səkmək öyrənir,

Güllər hüsnünə rəng çəkmək öyrənir,

Bənövşə boynunu bükmək öyrənir,

Halı pərişandır, qəlbi yaradır.

Durram qulluğunda qul kimi sayıq,

Gecələr qalsam da sübhətək ayıq,

Yazdıqlarım deyil adına layiq,

Bilirəm hamısı cızma-qaradır.

Eşqinlə əl atır saza bilməyən.


Dağ çapır lək yeri qaza bilməyən,
Səni görən gündən yaza bilməyən
Eşqinlə gündə bir dastan yaradır.

Sormadın halımı bir yol,bivəfa,

Çəkdim ömrüm boyu yolunda cəfa.
Sənsiz yox Binnətin dərdinə şəfa,
Sağalmaz, bədəni sərpa yaradır.

05.03.1984

Qınadı camaat məni


Züleyxa cəlallım,mələk camallım,

Sənin Yusifinəm,sayma yad məni.

A pir kəramətlim,Kəbə misallım

Yetir muradıma-eylə şad məni.

Kasıb aşiqinəm,yoxdur heç nəyim,

Qapında qul etdin,itdi əməyim.

Qaldı gözlərimdə arzum,diləyim,

Nə sən sevindirdin,nə həyat məni.

Yolunda çox düşdüm alova,oda,

Bilmədin, abırım getdi arada.

Nə öldürdün,nə yetirdin murada,

Xar etdin,qınadı camaat məni.

Yoxdur səndən qeyri arxam,pənahım,

Sənsiz ərşə çıxır fəğanım,ahım.

Qul xatasız olmaz,varsa günahım,

Kərəm et,bağışla,pərizad,məni.

Hardasan,qış olub ömrümün yazı?

Qoymusan hüsnünə həsrət,tamarzı.

Rəhm elə Binnətə,a zalım qızı,

Yazığam,az yandır,az sızlat məni.

07.11.1963

Düşübdür


Açıb deyəmmədim sənə eşqimi,

Mənə məhəbbətin lalı düşübdür.

Bu dərdə salmasın Allah heç kimi,

Qəlbimə hər dərdin xalı düşübdür.

Yaradan yaradıb qəlbi buz səni,

Aşiqə biganə,rəhimsiz səni.

Sənə vurulalı qəmin,qüssənin,

Sinəmdə çar-çarpaz yolu düşübdür.

Əsli kimi eldən-elə köçəndə,

Kərəmtək arxanca düşmüşəm mən də.

İtmişəm dumanda,azmışam çəndə,

Başıma qar yağıb,dolu düşübdür.

Bir dəfə olmadın halımdan halı,

Gəzdim dərdli-qəmli,başı bəlalı.

Mənim ürəyimə lalənin xalı,

Sənin yanağına alı düşübdür.

Hər səni görəndə çaşıram yolu,

Nə sağı bilirəm,nə də ki solu.

Binnətə dünyanın dərdi,məlalı,

Sənə xoşbəxtliyin bolu düşübdür.

12.07.1963


Mən


Nə qəlbiqarayam, nə qaraqabaq,

Sevinci kəm, qəmi min şələyəm mən.

Dərdim Savalandır, ahım Qarabağ,

Göz yaşı Arazam, şəlaləyəm mən.

Yayda gün təntidib məni, qışda qar,

Qazancım az olub, əllərim qabar.

Günahım varsa da, savabım da var,

Insanam,nə iblis, nə mələyəm mən.

Bəzən çox nikbinəm, bəzən qəmkeşəm,

Dosta dost, düşməni yaxan atəşəm.

Nə əfsun, nə cadu yazmaqdır peşəm,

Nə sehrbaz kahin, nə fələyəm mən.

Nə şöhrət lazımdır, nə də tac mənə,

Gülməsin harın, tox, acdan ac mənə.

Çox sənət öyrədib ehtiyac mənə,

Həm rəssam, həm müəllim, həm fəhləyəm mən.

Qəmli faciəyəm, bayatıyam mən,

Sevgilim Vətəndir, Fərhadıyam mən.

Yurdumun memarı, xarratıyam mən,

Düşmənin yurduna zəlzələyəm mən.

Dərbənd,Gorus, Təbriz boyda qəmim var,

Yad talayan evim, yurdum, zəmim var,

Öz sevgim, öz dərdim, öz ələmim var,

Binnətəm, nə Kərəm, nə Lələyəm mən.

16.12.1996


Düşər.


Gözəl, möcüzədir, möcüzə hüsnün

Səni hər kim görsə heyrətə düşər.

Sənin vüsalına çatmayan aşiq

Cəhənnəmdən betər möhnətə düşər.

Aşiqin olanlar çəkər qəm-qəhər,

Dalınca sürünər hey axşam-səhər.

Kimə könül versən olar bəxtəvər,

Sorğusuz, sualsız cənnətə düşər.

A naz-qəmzə ilə can alan pəri.

Səndən can əsirgər hansı sərsəri?

Inan şah da olsa sənə müştəri,

Önündə baş əyər, minnətə düşər.

Çoxunu sevdaya salan afətsən,

Xəstə şəfa tapar mərhəmət etsən.

Bircə an gözünün önündən getsən,

Dünyanın əzabı Binnətə düşər.

16.03.1969


Vətən yasdan çıxsın


Quzeydən bərk əsir yenə küləklər,

Yenə üz döndərib bizdən fələklər.

Gözümdə qalmasın böyük diləklər,

Vətən yasdan çıxsın qan tökülməmiş!

Çıxsın qələbəylə xalqımız yasdan,

Çıxsın matəm rəngli qara libasdan.

Qələbə naminə yazım bir dastan

İlham tükənməmiş, bel bükülməmiş!

Qaçqınlar çadırdan yurda köçələr,

Şənlənə dağılmış hər kənd, hər şəhər.

Bəzənə Qubadlı, Ağdam, Kəlbəcər

Yetişəm Laçına, Laçın gəlməmiş!

On ildir başımız qarışıb yaman,

Halı pəjmürdəyik, qəlbi pərişan.

Sevinsin Füzuli, Xaçın, Zəngilan!

Çoxdan o yerlərin üzü gülməmiş.

Çəkilsin qaranlıq, gülsün dan üzü,

Açılsın Xankəndin, Şuşanın gözü.

Bəzəsin kağızı Binnətin sözü

Üfüqlər qızarıb, dan sökülməmiş!

12.06.1998


Sevəcəyəm mən


Sanma ki, dəyişə sənə ülfətim,

Necə görmüşdünsə,eləcəyəm mən.

Nə əhdim dəyişər, nə sədaqətim.

Belə yaranmışam,beləcəyəm mən.

Nə qədər salsan da dərdə, möhnətə,

Dözərəm yolunda hər əziyyətə.

And olsun saf eşqə, saf məhəbbətə,

Səni ömrüm boyu sevəyəcəyəm mən.

Könlüm səndən alıb eşqi, ilhamı,

Gözümün nurusan, qəlbimin kamı.

Məni sevməsən də qoy bilsin hamı

Hər gün dərgahına gələcəyəm mən.

Əvvəlki ilqarım, vəfam ölməyib,

Binnətəm, eşqimin odu sönməyib.

Sənsiz bircə an da üzüm gülməyib,

Sənə qovuşanda güləcəyəm mən.

16.12.1965

Sevirəm, sevəcəm səni


Sorğusuz-sualsız, səbəbsiz, suçsuz,

Sevgilim, sızlatma səni sevəni.

Sınayırsan, sına sədaqətimi,

Sevmişəm, sevirəm, sevəcəm səni.

Sənsiz səfa sürüb sevinməmişəm,

Süsənim, sevinməz sevən sevənsiz.

Sənsən səadətim, sənsən sevincim,

Sapsarı saralıb solaram sənsiz.

Sarsılmazdım sitəmindən, sultanım,

Siyah saçlarını sığallasaydım.

Sevib sevilməyi səni sevəli,

Sonsuz sevinc saydım, səadət saydım.

Sirr saxlamayandan saxla sirrini,

Sənin sərbazınam, sərdarım sənsən.

Soyuqda,sazaqda səhraya salma,

Sənə sığınmışam, simsarım sənsən.

Sənəm sevməmişəm səndən savayı,

Sənsən sevdiciyim, sadiqəm sənə.

Binnətəm, sevəli sinədəftərəm,

Söz-söhbət saysızdır səni sevənə.

21.04.1970

Analar


Ömrümüzə şöhrətsiniz-şansınız,

Sözümüzə mənasınız, analar.

Övlad üçün can əsirgər hansınız?

Siz hamınız anasınız, analar!

Yüz yaşayın, ay gözümüz, canımız,

Çiçək açsın hər arzunuz, kamınız.

Nəbilərə Həcərsiniz hamınız,

Cəfərlərə Sonasınız,analar.

Bu dünyada görməyəsiz qəm qəti,

Çəkməyəsiz nankor övlad minnəti.

Istəyirəm siz hamınız Binnəti,

Öz oğlunuz sanasınız analar!

13.06.1965


Ağ atlı oğlan


Üzüm haqda qalıb, gözüm yollarda,

Harada qalıbsan, ağ atlı oğlan?

Yoxsa səni udub naqqa balığı,

Dəryada qalıbsan, ağ atlı oğlan?

Səni gözləməkdən səbrim tükəndi,

Yağılar taladı şəhəri, kəndi.

Yoxsa düşmən kəsib bərəni, bəndi,

Sən darda qalmısan, ağ atlı oğlan?

Yağı pərən-pərən saldı ordunu,

Xainlər dar gündə atdı yurdunu.

Xanbala, Bəybala satdı yurdunu,

Səhrada qalıbsan,ağ atlı oğlan.

Həsrətin atanın qəddini əyib,

Deyirlər, dalınca kömək gəlməyib.

Şuşada son güllən özünə dəyib,

Orada qalıbsan, ağ atlı oğlan.

Gəlir ziyarətnə el dəstə-dəstə,

Solmaz güllər düzür məzarın üstə.

«Gəl qisas al!» deyir bir boyu bəstə,

Harada qalıbsan,ağ atlı oğlan?

19.12.1992

Necə əl çəkim?


A xallı daz, kürən, qoy bilsin hamı,

Aldın yorğanımı, cırdın çuxamı.

Sinəmə dağ çəkdin, açdın yaxamı,

Mən sənin yaxandan necə əl çəkim?!

Gözüm görə-görə min tələ qurdun,

Qanıma susayıb zəlitək sordun.

Üzümə irişib, arxadan vurdun,

Mənə kəc baxandan necə əl çəkim?!

Mən səndən görmədim xoş bir baxış da,

Başıma uçurdun komamı qışda.

Qapılara saldın qarda, yağışda,

Evimi yıxandan necə əl çəkim?!

Azad yaşamadım bircə anımı,

Azadlıq istədim, tökdün qanımı.

Binnətəm, yanvarda mənim canımı,

Odlara yaxandan necə əl çəkim?!

09.02.1990


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tapsirma-seminarli-saba-3.html

tapsirma-seminarli-saba.html

tapsirmalar---ayzada.html

tapsirmalar---pnn.html

tapsirmalar---zhmisti.html